...Sumqayıtda çox az adam tapılar ki, onu – şəhərin nüfuzlu ziyalısı, istedadlı həkim Hümbət Quliyevi tanımasın. Əslində, nəinki Sumqayıtda, hətta Bakıda və yaxın-uzaq rayonlarımızda da Hümbət həkimi müdrik, qeyri-adi fikir və kəlamları, hikmətli, duzlu-məzəli söz-söhbətləri ilə tanıyanlar az deyil. Başdan ayağa ziyalı nümunəsi olan, yüksək intellekti ilə qabarıq şəkildə seçilən Hümbət həkim vaxtilə Dədə Qorquddan, Bəhlul Danəndədən, Molla Nəsrəddindən, Nizami-Nəsimi-Füzuli “dahilər üçlüyündən, Sədi Şirazidən, Ömər Xəyyamdan, hindlilərin “Kəlilə və Dimnəsindən, Rabindranat Taqorundan və s. bəhrələnərək, hikmət dünyasının dərinliklərinə elə nüfuz etmişdir ki, artıq həyata və cəmiyyətə də adi yox, müdriklik prizmasından baxmağa, sadəcə, vərdiş etmişdir. Doktor Hümbət Quliyev son bir-iki ildə feysbuk səhifələrində maraqlı fikir və düşüncələri ilə o dərəcədə böyük marağa səbəb olmuşdur ki, onun geniş dünyagörüşünün, intellektinin bəhrəsi kimi yaranan statuslarının toplanaraq küll halında çap edilməsi ideyası “zər qədrini bilən zərgərlərin – çoxsaylı oxucuların istəyi kimi meydana gəldi və çox tezliklə də reallaşdı. Və əgər Hümbət həkimin FB meydanına bir fikir-düşüncə bahadırı kimi girib “gərdiş etməsinə professor dostu Sahib Fərzəliyev səbəb olmuşdusa, onun hikmətli kəlamlarını, qeyri-adi fikirlərini elə FB səhifələrindən toplayıb, müəllifdən xəbərsiz və təmənnasız kitab halına salan iki istedadlı gənc dost – şərqşünas-filoloq Vüsal Hətəmov və jurnalist Bəhruz Salmanov oldu. Təqdirəlayiq hal olaraq, Hümbət həkimin özünün orijinallıqla, informasiya texnologiyaları əsrinə uyğun olaraq “Statusman adlandırdığı ilk statuslar kitabı elə maraqla qarşılandı ki, nə zamansa kitab yazmaq fikrində belə olmayan Hümbət həkimin heç yarım il keçməmiş ikinci kitabı da ərsəyə gəldi. Adi bir status deyil, kamil, fəlsəfi bir bədii əsər olan “Kəpənək xoşbəxtliyinin adı ilə oxuculara təqdim olunan bu kitabda da ilk “külliyyatda olduğu kimi Hümbət həkim özünün statuslarının qeyri-adiliyi, fəlsəfi fikir və düşüncələri ilə, milli-mənəvi dəyərlər əsas götürülməklə həyata və cəmiyyətə müdrik, yeni baxışı ilə xüsusi maraq doğurur. İnanırıq ki, fəlsəfi-etik fikirlər “generatoru olan doktor Hümbət Quliyev artıq yalnız statusman kimi deyil, yazıçı-statusman kimi yeni olan “FB janrında daha böyük uğurlar qazanacaq. Şübhə yoxdur ki, oxucular da tam əminliklə, birmənalı şəkildə bu fikirdə olacaqlar.
Категория: современная зарубежная литература
ISBN: 9789952365962
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 70.53 руб.
Ограничение по возрасту: 16+
Комментарии ():